Qırğızıstanla Azərbaycanın ortaq tarixi bağları, dərin köklərə bağlanan mədəniyyəti və ortaq Türk dili var. Qırğızıstan Orta Asiyada coğrafi baxımdan tarixi İpək yolunun üzərində yerləşən və Çinlə həmsərhəd olan ölkədir. Azərbaycan Qərblə Şərqi birləşdirən və bu istiqamətdə mühüm nəqliyyat layihələri həyata keçirən ölkə kimi bu gün Qərbin Mərkəzi Asiya ölkələrinə qapı rolunu oynayan açar dövlətdir.Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Müstəqilliyin ilk illərində Azərbaycan - Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib.Noyabr ayının 11 - də Prezident İlham Əliyev Qırğızıstan Respublikasına səfər etdi. Cənab Prezidentimizin bu səfəri xüsusi əhəmiyyətə malikdir. Bu səfər təkcə iki ölkənin xarici siyasətinə aid məsələ kimi qiymətləndirilmir, eyni zamanda Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın möhkəm dayaqlar üzərində inkişafında mühüm rol oynayır. Bu səfər Qərblə Şərq arasında yeni layihələrin formalaşdırılması üçün böyük əhəmiyyət kəsb edir. İkitərəfli diplomatik sıx əlaqələr bu günə qədər uğurla davam etdirilməkdədir. Necə ki qardaş Türkiyə ilə strateji əməkdaşlıq haqqında Şuşa Bəyənnaməsi imzalanmışdır, strateji münasibətlərin gücləndirilməsi ilə bağlı daAzərbaycanla Qırğızıstan arasında məlum saziş mövcuddur.Qırğızıstan ilə Azərbaycan arasında Birgə İnvestisiya Fondunun yaradılması iqtisadi sahənin inkişafına böyük töhfə verəcəkdir. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ölkələrimiz arasında iqtisadi - ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan - Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb - Gimnaziya təhsil - tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə öz töhfəsini verəcək.Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dilimizə, dinimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Əlbəttə, bu əlaqələrin inkişafında Ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur.Azərbaycanla Qırğızıstan arasında keyfiyyətcə yeni səviyyədə yüksələn münasibətlər, həm də ümumtürk maraqlarının mühafizəsi və təminatında mühüm amil rolunu oynayır.İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi Azərbaycan və Qırğızıstan birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinib.Azərbaycan - Qırğızıstan əlaqələri, dostluq və qardaşlığı kritik əhəmiyyətə malikdir. Cənab Prezidentin dövlət səfəri göstərdi ki,Qırğızıstan hakimiyyəti və xalqı da bu düşüncələrimizi həm nəzəri, həm də əməli olaraq bizimlə bölüşür.İki türk dövləti arasında əlaqələrin inkişafı, xalqlar arasında qardaşlığın möhkəmlənməsi istiqamətində atılan addımlar, bütövlükdə türk dünyasının birliyinə töhfə verəcək fəaliyyət kimi qiymətləndirilməlidir.Sevda Məmmədova,Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin müəllimi